«Gənc liderlərin formalaşmasında şəxsiyyətlərin rolu» mövzusunda Beynəlxalq Forumun açılış mərasimi keçirilmişdir

 

İyunun 14-də "Hilton Baku" mehmanxanasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Gənc liderlərin formalaşmasında şəxsiyyətlərin rolu" mövzusunda Beynəlxalq Forumun açılış mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev qonaqları salamlamış, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti haqqında məlumat vermiş və hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və yeni formada davam etdirildiyini diqqətə çatdırmışdır.

Fondun icraçı direktoru bildirmişdir ki, heç bir cəmiyyət şəxsiyyətsiz yaşaya bilməz. Hər insanın həyatında hansısa bir şəxsiyyətin mühüm rolu olur. Ümummilli lider Heydər Əliyevin hər bir Azərbaycan vətəndaşının həyatında misilsiz rolu olmuşdur. Ulu öndərin qayğısı nəticəsində gənclər siyasəti prioritet məsələlərdən birinə çevrilmişbu gün Azərbaycan gəncliyi dövlət qayğısı ilə əhatə olunmuş, heç bir gənc hökumətin həyata keçirdiyi siyasətdən kənarda qalmamışdır.

Ümummilli lider Heydər Əliyevin dəfələrlə gənclərlə görüşdüyünü diqqətə çatdıran natiq bu tədbirlərin Azərbaycan gəncliyinin formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, hər bir ölkənin inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual qüvvəyə çevrilməsindən asılıdır. Çünki gənclər zamanın istənilən kəsimində böyük yaradıcı gücə malik olduqlarından, onların düzgün istiqamətləndirilməsi nəticəsində dövlətçiliyin gələcəyi sığorta altına alınmış olur. Bu da bir faktdır ki, gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, mənəvi-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqi göstəricisinə çevrilir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev müxtəlif dövlətlərin tarixində mühüm rol oynamış şəxsiyyətlər barədə məlumat vermiş, müstəqil Azərbaycanın banisi, ulu öndər  Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır.

Vurğulamışdır ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Gənclərlə sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına öz töhfələrini verirlər.

Azərbaycan gənclərinin daim tolerantlığı, dözümlülüyü ilə seçildiyini deyən İ.Babayev vurğulamışdır ki, onlar həmişə öz milliliyini qoruyub saxlamağı bacarmışlar. Bu, məhz ulu öndər Heydər Əliyevin milli gənclər siyasətinin uğurla gerçəkləşməsinin nəticəsidir. Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin güclü iqtisadiyyatının olmasının, respublikamızda uğurla həyata keçirilən siyasətin göstəricisidir. Artıq inkişafın Azərbaycan modeli dünyada bir çox ölkələr üçün nümunədir. Azərbaycan gəncləri daim dünyanın hər yerində ölkəmizin adının yüksəkliklərdə yer alması istiqamətində səylər göstərməkdə davam edirlər.

 

Tədbirdə 1983-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin katibliyinin müavini işləmiş Vladimir Uxov ulu öndərlə bağlı xatirələrini danışmışdır. Qeyd etmişdir ki, Heydər Əliyev görkəmli dövlət xadimi idi. O, həm Azərbaycanın, həm də SSRİ-nin inkişafına çox böyük töhfələr vermişdir. Ümummilli lider Heydər Əliyevin bütövlükdə Sovet İttifaqı miqyasında iqtisadiyyatın idarə edilməsinə töhfəsindən danışan V.Uxov vurğulamışdır ki, o dövrünün nəhəng siması, güclü lider idi.

Bildirmişdir ki, dahi şəxsiyyət Heydər Əliyev öz adını tarixə Azərbaycan dövlətçiliyinin qurucusu, respublikanın müstəqilliyi, suverenliyi uğrunda mübariz kimi yazmışdır. Heydər Əliyev Azərbaycan xalqının milli mənlik şüurunun oyanmasında, onun mədəniyyətinin və təhsilinin inkişafında, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının sıx birləşməsində mühüm rol oynamışdır. O, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına da çox böyük töhfə vermişdir.

Meksikalı qonaq, səfir Antonio Duenas Pulido da ümummilli lider Heydər Əliyev ilə bağlı təəssüratlarını iştirakçılarla bölüşmüşdür.

Qeyd etmişdir ki, Azərbaycanın dövlətçilik tarixində dahi şəxsiyyət Heydər Əliyevin müstəsna yeri vardır. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamışdır. Dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Meksikalı qonaq demişdir ki, Azərbaycanın dünyamiqyaslı neft-qaz hasilatçısına və ixracçısına çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, neftin şaxələndirilmiş marşrut üzrə - Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqli bilavasitə dahi şəxsiyyət Heydər Əliyevin xidmətləridir. Azərbaycanda qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi də Heydər Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsidir.

Ukraynadakı Sosial Elmlər üzrə Heydər Əliyev İnstitutunun direktoru İvan Bidzura ölkəmizdə ilk dəfə olduğunu diqqətə çatdırmış, burada gedən sürətli inkişafa heyran qaldığını bildirmişdir.

Diqqətə çatdırmışdır ki, rəhbərlik etdiyim ali təhsil müəssisəsində dünyanın 100 ölkəsindən 45 min tələbə təhsil alır. Ali təhsil müəssisəsində ulu öndər Heydər Əliyevin 90 illiyi ilə bağlı Beynəlxalq konfrans keçirilmişdir. Həmin konfransda dövlət və cəmiyyət quruculuğu mövzusunda fikir mübadiləsi aparılmışdır.

Ukraynalı qonaq vurğulamışdır ki, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın tarixi inkişafında müstəsna xidmətləri olmuşdur. Ümummilli liderin möhtəşəm əsəri olan müasir müstəqil Azərbaycan bu gün öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Azərbaycan regionun qeyd-şərtsiz lideridir. Bu gün Azərbaycan siyasiiqtisadi innovasiyaları postsovet məkanında daha fəal formada tətbiq etdiyi üçün dünya bu ölkə ilə maraqlanır.

Yunanıstanın DiplomatiyaQlobal Məsələlər İnstitutunun direktoru Andreas Adrianopoulos dahi şəxsiyyətlərin liderlik keyfiyyəti barədə məlumat vermişdir. Qeyd etmişdir ki, müasir dövrdə biliyə sərmayənin yatırılması olduqca vacib amildir. Həmçinin xarici dillərin öyrənilməsi də gənclərin formalaşmasında xüsusi rol oynayır.

Bildirmişdir ki, Azərbaycanda bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır. Ölkənizdə gənc nəslin mənəvi tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Azərbaycan Prezidenti İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir.

Sonra Beynəlxalq Forumun "Gənclər və şəxsiyyətlər: nəsillərin məsuliyyəti", "Müasir dünyanın mənzərəsi və şəxsiyyətlər" və "Xalqların formalaşmasında şəxsiyyətlərin rolu" mövzularında panel iclasları keçirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 15 iyun.- S.9.